CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi üçün seminar-treninq keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) ştat vahidinin artması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar olaraq bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsi ilə bağlı şöbənin əməkdaşları üçün seminar-treninq keçirilib.
Seminar-treninqdə DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, maliyyə-təsərrüfat şöbəsinin müdiri Oktay Hüseynov, dini təhsil sektorunun müdiri Anar Əlizadə, sektorun baş məsləhətçisi Anar Əliyev, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları iştirak ediblər.
Seminarda DQİDK-nın iş prinsiplərinin xüsusiyyətləri ilə yanaşı, bölgədəki dini durum da müzakirə olunub. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Oxşar seminar-treninqlərin Dövlət Komitəsinin müvafiq dislokasiyaları üzrə digər regional şöbələri ilə də keçirilməsi nəzərdə tutulub.