REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib VİDEO
Göygöl, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 29-da Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almalarına kömək göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.