REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyətinin rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 21-də Şirvan şəhərində Hacıqabul, Sabirabad, Şirvan, Saatlı, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı həmin rayonların axundları, din xadimləri və sakinlər dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təminatı və digər məsələlərlə bağlı komitə sədrinə müraciət ediblər.
Komitə sədri M.Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll olunması barədə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.