REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib VİDEO
Siyəzən, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan və Şabrandan olan sakinləri qəbul edib.
Əvvəlcə Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.
Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Ondan çox vətəndaşı qəbul edən Komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.