REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Tovuz rayonunda vətəndaşları qəbul edib VİDEO
Tovuz, 23 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 23-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Komitə sədrinə edilən müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
Komitənin sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.