REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib
Sumqayıt, 31 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abşeron rayonu Xırdalan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, eləcə də burada məskunlaşan Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər düzüb, xatirəsini anıblar.
Qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən “Quran” kurslarının təşkili, dini icmaların dövlət qeydiyyatı, məscidlərdə veb-kameraların quraşdırılması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və tikintisi, eləcə də digər məsələlərlə bağlı olub.
Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.