CƏMİYYƏT
“Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O vurğulayıb ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib. Komitə sədrinin müavini diqqəti bir sıra ölkələrdə baş verən münaqişələrə cəlb edərək bildirib ki, bəzi qüvvələr tərəfindən din amilindən geosiyasi maraqlar üçün istifadə edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi barədə məlumat verən S.Heydərov bildirib ki, bu film dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirir. Filmdə dini radikalizmin qurbanı olmuş insanların və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyətimiz, eləcə də dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikamızda keçirilən tədbirlərdə ayrı-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik şəraitində yaşayırlar.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini maarifçilik işinin düzgün metodlarla təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Tağı Əhmədov tədbirdə dövlətin gənclərə diqqət və qayğısından danışıb.