CƏMİYYƏT
“Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin zəruri olduğunu deyib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir. S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bəşəriyyətə örnək olduğunu qeyd edib və dünyaya ixracının zəruri olduğunu bildirib.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodları haqqında məlumat verib. O, cəmiyyətimizin dini radikalizmlə mübarizədə aktiv fəaliyyətinin vacibliyini vurğulayıb, milli-mənəvi dəyərlərimizə yad olan radikal təsirlərdən qorunmaq üçün hüquqi proseslərlə yanaşı, dini maarifçilik işinin genişləndirilməsinin də zəruri olduğunu qeyd edib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, ictimai təhlükəsizliyin qorunmasında dini radikalizmə qarşı aparılan praktiki mübarizənin əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik mühitində yaşamaqdadırlar. Ə.Baqişev dini radikalizmlə mübarizə istiqamətində bir sıra statistik məlumatları da diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazısı Musa Qasımov ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə dövlət qayğısından danışıb.
Tədbirin yekununda Musa Qasımova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınan Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Rəhimə xanım ziyarətgahı” dini icmasının şəhadətnaməsi təqdim olunub.