REGİONLAR
Dini icmalar İslam həmrəyliyinin təbliğində fəallıq göstərməlidir VİDEO
Quba, 26 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 26-da Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkil etdiyi seminar-müşavirədə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı nadir məkandır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tarix boyu müxtəlif qüvvələr müsəlman dünyasının birliyinə mane olmağa çalışıb. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması özündə müasir dövrün çağırışlarını ehtiva edir və ölkəmiz tarixi missiyanı həyata keçirir.
S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələr verərək, dini icma rəhbərlərini ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəallıq göstərməyə çağırıb.
Müzakirələrdə rayon prokuroru Valeh Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin şimal rayonları üzrə qazisi, Qubadakı “Ərdəbil” məscidi dini icmasının sədri Naib Səttərov və başqaları çıxış edərək rayonda tam dini sabitliyin bərqərar olduğunu bildiriblər. Qeyd olunub ki, radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərə, dini ibadət evlərinə təsirinin qarşısı alınıb və bu istiqamətdə görülən işlər daim nəzarətdədir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.