REGİONLAR
Dini maarifləndirmə zəruridir
İsmayıllı, 19 avqust, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə avqustun 19-da Təzəkənd kəndində “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın və multikulturalizmin məkanıdır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Təzəkənd, Yeniyol, Qaraqaya, II Yeniyol kənd ictimaiyyəti nümayəndələrinin, dindarların, gənclərin və ziyalıların iştirak etdikləri tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Murad Məhərrəmov açaraq multikulturalizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu, bu sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, radikalizmə, qeyri-ənənəvi təriqət və dinlərə qarşı ciddi mübarizə aparılır.
Tədbirdə Təzəkənd kənd orta məktəbinin direktoru Elxan Bədəlov, müəllimlər Ağalar Bədəlov, Hacalı Səlimov, kənd icra nümayəndəsi Feyruz Kərimov, dini ayinlərin icraçısı Mehman Babayev və başqaları çıxış edərək dinlərarası münasibətlərdən, dini maarifləndirmənin zəruriliyindən, tolerantlıq və multikultural dəyərlərin müasir aspektlərindən, radikalizm, ekstremizm, islamafobiyaya qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışıb, gənclərin yad meyillərdən qorunmasının zəruriliyini vurğulayıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilib.