MƏDƏNİYYƏT


“Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb.

Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Dini motivlər əsasında şeirlər” müsabiqəsinin Təşkilat Komitəsi müsabiqədə iştirak etmək istəyən şəxslərin çoxsaylı təklif və xahişlərini nəzərə alaraq bu qərara gəlib.

Xatırladaq ki, iyulun 6-sı müsabiqəyə şeirlərin qəbulu üçün son gün idi. Təşkilat Komitəsinin qərarına əsasən isə müsabiqəyə əsər qəbulu iyulun 20-nə qədər uzadılıb.

Qeyd edək ki, müsabiqə səmavi kitabların – “Tövrat”, “Zəbur”, “İncil”, “Qurani-Kərim”in gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Elan edilən müsabiqə müqəddəs kitablar haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.

Müsabiqənin şərtlərinə görə, təqdim edilən şeirlərin ideyası səmavi kitabların motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər.

Şeirlər elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə (əlaqə telefonları mütləq yazılmaq şərti ilə) Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına - [email protected] göndərilməlidir.

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.