REGİONLAR
“Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb
Ağdam, 15 iyul, AZƏRTAC
Ağdam rayonu Bənövşələr və Baharlı qəsəbələrində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, qəsəbələrdə keçirilən tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri ilə yanaşı, Dini Qurulmarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, ziyalılar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər barədə məlumat veriblər. Bildirilib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində dövlət tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir.
Tədbirlərdə gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş edilib, film ətrafında müzakirələr aparılıb. Maarifləndirici kitabçalar paylanılıb, layihə iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Dini radikalizmə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda layihənin əsas məqsədi gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qoruması və gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.
Layihə iyulun 13-dən 19-dək Ağdam rayonunun müxtəlif qəsəbələrində həyata keçiriləcək.