CƏMİYYƏT
“Dini radikalizmə qarşı mübarizədə milli mənəvi dəyərlərin təbliği” layihəsinin icrasına başlanılıb
Bakı, 4 sentyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhərinin kəndlərində “Dini radikalizmə qarşı mübarizədə milli mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTA-a bildiriblər ki, layihə çərçivəsində Maştağa qəsəbəsində keçirilən tədbirdə dini radikalizmə qarşı mübarizədə milli mənəvi dəyərlərin, multikulturalizmin, tolerantlığın təbliğinin zəruriliyindən danışılıb.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Əsədov gəncləri dini radikalizmə qarşı mübarizədə fəal olmağa səsləyib.
TUMİB sədri Çingiz Bayramov isə radikal dini cərəyanların Azərbaycandakı zərərli fəaliyyətlərinə qarşı ideoloji mübarizənin və maarifçiliyin, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs edib.
Qəsəbə sakinləri də çıxışlarında belə tədbirlərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.