CƏMİYYƏT


Dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi UNEC-də nümayiş olunub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Universitetin rektoru professor Ədalət Muradov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirib. O, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Sərəncamını xatırladan rektor bildirib ki, ölkəmizdə tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıb. Bu gün də dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Ə.Muradov “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini deyib.

Qeyd olunub ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.

M.Qurbanlı dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, bununla bağlı respublikanın bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır.

Komitə sədri bu sahədə gənclərə tövsiyələrini verərək onların ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətə bağlı olmasının önəmini vurğulayıb.

Tədbir film ətrafında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.