CƏMİYYƏT


“Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” layihəsinə start verilib

A+ A

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində Ağdam rayonunda “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” layihəsinin icrasına başlanılıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində keçirilən tədbirdə iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib. Həmçinin gənclərin milli mənəvi ruhda tərbiyə edilməsinin və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edən natiqlər gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıblar.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.