CƏMİYYƏT
“Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” nəşri işıq üzü görüb
Bakı, 27 fevral, AZƏRTAC
Ötən il noyabrın 8-10-da Azərbaycanın İspaniyadakı səfirliyi və Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransdan bəhs edən kitab nəşr edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İspaniyanın paytaxtı Madriddə keçirilmiş tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm İli” çərçivəsində təşkil olunmuşdu. Konfransın məqsədi dinlərarası dialoqun gücləndirilməsi, eləcə də müxtəlif din mənsublarının, fərqli xalqların nümayəndələrinin bir arada sülh içində yaşadıqları Azərbaycan nümunəsini İspaniya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Eyni zamanda, bu dialoq vasitəsilə ümumi şüur və problemlərin birgə həllinin tapılması da əsas məqsədlərdən idi.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, DQİDK-nın sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm, din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
“Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı nəşrin giriş hissəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İspaniya Kralı Əlahəzrət VI Felipenin multikulturalizm və birgəyaşayış ənənələri barədə fikirləri yer alıb.
Nəşrdə beynəlxalq konfransda Azərbaycanı təmsil edən şəxslər haqqında məlumat, ölkəmizin nümayəndə heyətinin İspaniya Senatında, Təhsil, Mədəniyyət və İdman nazirliklərində keçirdiyi görüşlər, “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edən natiqlərin çıxışları, onlar haqqında məlumat, noyabrın 10-da Mursiya Katolik Universitetində təşkil edilən konfrans, keçirilən görüşlər barədə informasiyalar və fotoşəkillər yer alıb.
Qeyd edək ki, nəşr beynəlxalq konfransın təşkilatçılarından biri olan “Evsen” Şirkətlər Qrupu tərəfindən hazırlanıb.