İDMAN
Dino Nidlovu rəsmən “Qarabağ”da
Bakı, 17 avqust, AZƏRTAC
2016-2017-ci il mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi bağlanmamış Ağdamın “Qarabağ” futbol klubu gözlənilən transferi reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, hücum mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddət davam edən prosesi uğurla tamamlayıb. “Qarabağ” Cənubi Afrika Respublikasının millisinin üzvü olan, ötən mövsüm Kipr çempionatında “Anartosis”in heyətində 16 qolla ən məhsuldar ikinci futbolçu olmuş Dino Nidlovunun keçidini rəsmiləşdirib.
İyirmi altı yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da top qovub. Son mövsüm “Anartosis”in heyətində ulduzu parlayan forvard bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə ikiillik müqavilə imzalanıb.
Dino bildirib ki, “Qarabağ”a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacağam ki, “Qarabağ”da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır.