MƏDƏNİYYƏT
Diplomatik nümayəndəliklərin başçıları Mədəniyyət və Turizm Nazirliyində olublar
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikasında səfərdə olan İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 4-də Mədəniyyət və Turizm Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara Azərbaycanın coğrafi mövqeyini, təbiətini, tarixi abidələrini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini, turizm imkanlarını, ayrı-ayrı bölgələrin tarixi-mədəniyyət nümunələrini, özünəməxsus xüsusiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonra nümayəndə heyəti mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşüb.
N.Səmədov qonaqlara nazirliyin strukturuna daxil olan mədəniyyət və təhsil ocaqları haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Turizm və Menecment Universiteti ölkədə turizm sahəsi üzrə kadr hazırlayan təhsil müəssisəsidir.
Nazir müavini ölkəmizin tarixi abidələri, muzeyləri, kinoteatrları, kitabxanaları, teatrları və konsert salonları, müasir Bakının simvoluna çevrilmiş memarlıq nümunələri, habelə bölgələrimizin turizm infrastrukturu barədə də söhbət açıb. O, bir çox tarixi abidələrimizin və mədəniyyət incilərimizin UNESCO-nun irs siyahısına salındığını söyləyib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, o cümlədən musiqi festivallarından danışan N.Səmədov nüfuzlu “CNN” və “Euronews” telekanallarında onlar haqqında süjetlər yayımlandığını qeyd edib.
Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı prosesi” çərçivəsində paytaxtımızda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu mötəbər tədbirin iştirakçıları barədə məlumat verib.
Səmimi görüşə görə təşəkkür edən qonaqlar ölkəmizdə ziyarət etdikləri bir sıra tarixi və mədəniyyət obyektlərinin onlarda böyük maraq doğurduğunu diqqətə çatdırıblar.