MƏDƏNİYYƏT
Dirijor Nazim Rzayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın Xalq Artisti, Dövlət mükafatları laureatı, professor, mərhum dirijor Nazim Rzayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir
Gecədə Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı, "Sənsiz" romansı, Fikrət Əmirovun "Poema monoloq" və "Muğam poeması" simfonik əsərləri, Qara Qarayevin "İldırımlı yollarla" baletindən musiqi parçası, P.İ.Çaykovskinin vals və romansları səsləndiriləcək.
Xatırladaq ki, Nazim Rzayev Moskvada Böyük Teatrda təcrübə keçib. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Üzeyir Hacıbəylinin bir neçə əsərinə dirijorluq edib. 1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub.