İQTİSADİYYAT
Dirk Şubel: “Cənub Qaz Dəhlizi” həm Azərbaycan, həm də Avropa İttifaqı üçün vacib layihədir
Bakı, 14 oktyabr, Nihad Budaqov, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor - SGC) energetika sahəsində strateji tərəfdaşlığımız çərçivəsində həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün vacib layihədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Xarici Siyasət Xidmətinin “Şərq Tərəfdaşlığı” ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel deyib. O bildirib ki, layihə çərçivəsində 2020-ci il yanvarın 1-dən ilk Azərbaycan qazının Avropa İttifaqına nəql olunması istiqamətində tərəflər qrafikə uyğun işləyirlər.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə - “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayırması nəzərdə tutulur.