CƏMİYYƏT


Dırnaqlara əsasən diaqnoz qoymaq olur

Bakı, 18 may, AZƏRTAC

Təbabətdə müxtəlif diaqnostika üsulları var və onlardan biri də onixologiya, yəni dırnaq lövhəciklərinə əsasən aparılan diaqnostikadır. Çin təbabətində tətbiq olunan dırnaq diaqnostikasının özəlliyi həmin üsulla baş verəcək xəstəlikləri iki-üç il qabaqcadan müəyyən etməkdən ibarətdir.

C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli AZƏRTAC-ın müxbirinə həmin diaqnostikanı belə izah edib: "Hər barmaqdan keçən energetik kanal bu və ya digər daxili orqanla əlaqəli olduğundan həmin orqanda baş verən hər hansı dəyişiklik özünü dırnaqlarda müxtəlif əlamətlərlə büruzə verir. Onixologiya sahəsində 30-a yaxın dırnaq əlaməti mövcuddur. Əgər dırnağın rəngində dəyişiklik yaranıbsa, bu xəstəliyin təzə başlandığını, dırnağın relyefi, struktur və formasında dəyişiklik yaranması xəstəliyin xroniki formada olduğunu göstərir. Onixoloqlar dırnaqların formasında genetikanı unutmur və bildirirlər ki, xroniki alkoqolizmdən əziyyət çəkənlərdə hansı dırnaq forması mövcuddursa, bu, onların uşaqlarına da ötürülür. Buna görə də yeni doğulmuşların dırnaqlarına əsasən onlarda olan xəstəliklərin qazanılmış və ya anadangəlmə olması barədə fikir yürütmək olur. Dırnaqlar təkcə xəstəlikdən deyil, sağalmadan da xəbər verir”.

R.Yusifli daha sonra deyib: “Dırnaqların əsasını kreatin zülalı təşkil edir. Kreatinin dırnaqlardakı sıxlığı kükürd atomlarının miqdarından asılıdır. Dırnağın sərtliyi və möhkəmliyi kükürdün çoxluğu ilə əlaqədardır. Kreatin qatları arasında çox nazik piy və su qatı da mövcuddur və onlar dırnaq lövhəciklərinə elastiklik və parıltı verir. Hər dırnaq 4-6 aydan sonra tamamilə yenilənir. Dırnaqların rənginə əsasən müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, sarı rəng qaraciyər patologiyaları, parlaq qırmızı eritremiya, bənövşəyi-mavi anadangəlmə ürək qüsurları, göyümtül ürək patologiyaları, ağ böyrəküstü vəz problemləri, qara çiyin arteriyasının trombozu və diabetik qanqrena, boz malyariya, solğun çəhrayı rəng isə sağlamlıqdan xəbər verir. Dırnaq üzərində ağ ləkələr mərkəzi sinir sisteminin, sarı ləkələr beyin fəaliyyətinin pozulmasının, solğun və dırnaq üzərində uzununa şırımlar anemiya, dəmir və digər vitamin çatışmazlığının, rəngsiz dırnaqlar stress və allergiyanın əlamətidir.

Bundan başqa dırnağın forma və strukturuna görə də müəyyən diaqnozlar qoymaq olur. Məsələn, yeyilmiş dırnaq bağırsaqda parazitlərin olması, mineral çatışmazlıq, dırnaqların üçbucaq şəklində olması fəqərə sümükləri və onurğa beynində problemlər, kövrək və asanlıqla sınması dəmir, kalsium, böyrək funksiyasında pozğunluqdan, A və D vitamini çatışmazlığından xəbər verir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.