CƏMİYYƏT
Diş emalındakı nanoelementlər kariyesin qarşısını alacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Sidney Universitetinin tədqiqatçıları diş emalının tərkibində xüsusi nanoelementlər tapıblar ki, dişlərin vəziyyəti ondan asılıdır.
AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri ilə “Science Advances” jurnalında tanış olmaq mümkündür.
Avstraliyalı alimlər diş emalının tərkibini və strukturunu atom səviyyəsində müəyyən ediblər. Mütəxəssislər mikroskopiyanın yeni metodundan – atom-zond tomoqrafiyasından istifadə edərək, emalın dağılma prosesinə təsir göstərən atomların yerləşməsini əks etdirən ilk üçölçülü xəritə yaradıblar.
Tədqiqatın müəlliflərindən biri, professor Culiya Karni deyib: “Diş emalının strukturu olduqca mürəkkəbdir. Bizə məlum idi ki, maqnezium, karbonat və ftorid ionlar emalın xassəsinə təsir edir. Lakin alimlərə heç vaxt diş emalının strukturunu olduqca yüksək səviyyədə əks etdirmək müyəssər olmayıb. İndi biz diş emalının ibarət olduğu hidroksiapatitin nanomilləri arasında maqneziumla zəngin olan sahələr tapdıq”.
Tədqiqatın nəticələri ağız boşluğunun gigiyena və kariyesin profilaktika vasitələrini təkmilləşdirməyə kömək edər.