MƏDƏNİYYƏT
“Discovery Azerbaijan” jurnalının may nömrəsi çapdan çıxıb
Bakı, 6 may, AZƏRTAC
“Discovery Azerbaijan” jurnalı may nömrəsini “Qafqazın Konservatoriyası” sayılan Şuşa şəhərinə həsr edib.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində Şuşanın ecazkar turizm obyektləri tanıdılaraq, bir zamanlar Cıdır düzündə keçirilən müxtəlif mədəni festivallardan bəhs olunub. Bununla yanaşı, nəşrdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” filmindən, dahi bəstəkarın ilham qaynağı olan məkanlardan, “Fortepiano şairi”, Xalq Artisti Fərhad Bədəlbəylinin Şuşalı günlərindən, aktyor Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söz açıldığı məqalələr də yer alıb.
Jurnalda oxucuların milli valyutamızın Cümhuriyyət dövründən başlayan tarixi, Azərbaycanın ilk numizmat alimi Əli Rəcəbli, NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı gənc Teymur Sadıqovu yaxından tanımaq imkanları da olacaq.
Həmçinin, oxucular jurnalın səhifələrində dünyanın dörd bir yanında keçirilən may festivallarını, bayramlarını, ən son turizm xəbərlərini oxuyacaq, tarixin ən ağır və təsirli filmlərindən olan “Şindlerin siyahısı”nın çəkildiyi yerlərə səyahət edəcək, Polşanın turizm imkanları və mətbəxi ilə yaxından tanış ola biləcəklər. Jurnalda əyləncə mövzulu yazılar da yer alıb.