CƏMİYYƏT
Dişlərin sağlamlığı üçün erkən yaşlardan profilaktik tədbirlərin görülməsi vacibdir
Bakı, 25 noyabr, AZƏRTAC
“Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyi "Gələcəyimizə sağlam gülüş" adlı aksiya keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Bakıda yerləşən bir neçə bağçanın uşaqları “Pearl Dent” Klinikasının stomatoloqları tərəfindən müayinə olunublar. Uşaqlara onların anlaya biləcəyi şəkildə dişlərə qulluq və ağız gigiyenası haqqında məlumat verilib. Bundan əlavə, onlara dişlərə qulluq üçün vasitələr, diş təmizliyinə nəzarət məqsədilə nağıl qəhrəmanlarının təsviri olan şəkilli cədvəl və başqa hədiyyələr təqdim edilib. Uşaqlarda aşkarlanan diş və ağız boşluğu problemləri onların valideynlərinə izah olunub.
Qeyd olunub ki, sağlam dişlər və ağız boşluğu insanın ümumi sağlamlığının ilkin və ən asan təyin olunan göstəricisidir. Təsadüfi deyil ki, həkimlər xəstənin müayinə edərkən birinci olaraq məhz ağız boşluğundan başlayırlar. Dişlərin sağlamlığının qorunması üçün erkən yaşlardan profilaktik tədbirlərinin görülməsi olduqca vacibdir.