ELM VƏ TƏHSİL
Dissertasiya mövzuları ilə bağlı yeni kitablar nəşr olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-cü illər)” və “Dissertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-cü illər)” kitabları çapdan çıxıb
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitablar bu elm müəssisəsi və İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının birgə nəşridir.
Nəşrlərin tərtibçiləri iqtisad elmləri doktoru, professor Gülşən Yüzbaşıyeva və iqtisad üzrə fəlsəfə doktoru, dosent Asif Mustafayevdir.
“Dissertasiya mövzularının ixtisaslar üzrə qruplaşdırılması (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-cü illər)”kitabında son on ilin dissertasiya mövzuları və onların ixtisaslar üzrə qruplaşdırılması verilib. Siyahı əsasən İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının protokolları və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi saytı əsasında tərtib edilib. Siyahının tərtib edilməsində əsas məqsəd iqtisadi mövzuların ixtisaslar üzrə bölgüsünü müəyyən edərək yeni elmi tədqiqat işlərinin daha uyğun ixtisaslar üzrə verilməsini təmin etməkdir.
“Dissertasiya mövzularına elmi rəhbərlik edənlərin siyahısı (iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə 2005-2014-cü illər)” kitabında isə son on ilin dissertasiya mövzuları və onlara rəhbərlik edən şəxslərin siyahısı verilib.
Siyahılar əsasən İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının protokolları və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi saytı əsasında tərtib edilib.
Siyahının tərtib edilməsində əsas məqsəd yeni elmi tədqiqat mövzuları seçilərkən iqtisadiyyat üçün daha aktual və mütərəqqi hesab olunan problemlərin müəyyənləşdirilməsidir.
Kitablar iqtisadi problemlərin araşdırılması üzrə elmi tədqiqat institutlarının əməkdaşları və mütəxəssislər üçün nəzərdə tutulub.