Divar işıqlarını və elektrik naqillərini oğurlayan şəxslər polis tərəfindən saxlanılıb VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Ölkənin əsas strateji yolları və körpülərində quraşdırılan divar işıqları, elektrik naqillərinin oğurlanması hallarının qarşısının alınması, həmçinin bu qanunsuz əməlləri törədən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb.
Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 divar işığı və 141 spot işığını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.