SİYASƏT
Dmitri Azarov: Azərbaycanda referendumun yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülüb
Bakı, 26 sentyabr, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycanda ümumxalq səsverməsinin (referendum) yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Federal quruculuq, regional siyasət, yerli özünüidarə və Şimal işləri üzrə Komitəsinin sədri Dmitri Azarov sentyabrın 26-da jurnalistlərə müsahibəsində söyləyib.
Bu gün səhərdən bir neçə seçki məntəqəsində olduğunu və səsvermənin gedişini müşahidə etdiyini vurğulayan D.Azarov deyib: “Bütövlükdə bu gün müşahidə etdiklərimiz belə deməyə əsas verir ki, səsverməyə çıxarılan əlavələr və dəyişikliklərlə bağlı geniş izahat işləri aparılıb. Bunun nəticəsində seçicilərin yüksək fəallığı müşahidə olunur. Bundan əlavə, ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Seçicilər mütəşəkkil qaydada seçki məntəqələrinə gəlir, səsvermədə iştirak edirdilər. Hesab edirəm ki, Azərbaycan dövləti ölkənin gələcəyini müəyyən edəcək mühüm qərarlar barədə öz iradələrini ifadə etmək üçün vətəndaşlara hər cür şərait yaradıb”.