SİYASƏT
Dmitri Kiselyov: “Azərbaycan kimi ölkələri bir əlin barmaqları ilə saymaq olar” VİDEO
Moskva, 10 noyabr, AZƏRTAC
“Azərbaycana qarşı informasiya müharibəsi bu ölkənin müstəqil siyasəti üzündən başlanıb”.
“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov bu fikri Avropa və Asiya medialarının “Qeyri-sabit dünyada davamlı tərəfdaşlıq” mövzusunda forumunda (FEAM-2015) söyləyib. “Mən başa düşürəm ki, buna səbəb məhz NATO-ya və digər Qərb strukturlarına qoşulmaq istəməyən ölkənin yürütdüyü müstəqil siyasətdir. Bakı eyni zamanda Rusiya ilə münasibətlərdə də məsafə gözləyir və biz onun bərabər məsafədə olmaq arzusunu başa düşürük”, - deyən D.Kiselyov, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı kimi formata münasibətini nümunə göstərib.
D.Kiselyov vurğulayıb ki, Azərbaycanın müstəqil siyasəti respublikanın inkişafının hərəkətverici qüvvəsidir. O deyib: “Yaxın vaxtlarda mən Azərbaycanda oldum, Prezident İlham Əliyevlə görüşdüm və bu ölkənin tərəqqiyə nail olduğunu gördüm”.
“Rossiya seqodnya” agentliyinin baş direktoru bir məqama diqqəti cəlb edib ki, dünyada belə suverenlik hüququnu və suveren siyasəti həyata keçirməyə qabil olan ölkələrin sayı çox deyil. Dmitri Kiselyov xatıladıb: “Azərbaycan kimi ölkələri bir əlin barmaqları ilə saymaq olar. Qalan bütün ölkələr bu və ya digər şəkildə uyğunlaşırlar. Məsələn, Böyük Britaniyanın Amerikaya münasibətdə suverenliyindən əsər-əlamət qalmayıb”.
Azərbaycan özünü bu cür aparmır, elə buna görə də bu gün ona qarşı fəal informasiya müharibəsi aparılır. “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru vurğulayıb: “Deyirlər ki, başqa model lazımdır, yəni Avropa modeli yox, Amerika modeli. Amerika deyəndə ki, Yaxın Şərqin bombalanmasında və sair məsələlərdə iştirak etmək lazımdır, Avropa itaətkarcasına bunu icra edir. Əlbəttə, Azərbaycan bu halda tamamilə müstəqil görünür və buna görə də ondan qisas alırlar”.
Avropa və Asiya medialarının “Qeyri-sabit dünyada davamlı tərəfdaşlıq” mövzusunda forumu (FEAM-2015) Moskvada keçirilir. FEAM-2015 forumunun gündəliyindəki əsas məsələ müxtəlif siyasi və iqtisadi proseslər şəraitində keçmiş SSRİ məkanındakı ölkələrin KİV-lərinin qarşılıqlı fəaliyyəti məsələsidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva