İQTİSADİYYAT
Dmitri Kumsişvili: “Kulevi terminalında 600-dən çox yeni iş yeri açılıb”
Tbilisi, 29 sentyabr, AZƏRTAC
“Kulevi terminalında açılmış iki əlavə rezervuar parkında 600 nəfərdən çox azərbaycanlı və gürcü daimi işlə təmin olunacaq. Bu da bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili söyləyib.
Nazir bildirib ki, Kulevi terminalının genişləndirilməsi, yeni rezervuarların istifadəyə verilməsi Gürcüstanın və Azərbaycanın tranzit potensialını daha da artıracaq: “Mən tam əminəm ki, yeni rezervuarlar Azərbaycan, Gürcüstan, eləcə də digər ölkələrin idxal və ixrac məhsulları ilə dolacaq. Biz bu imkanlardan maksimum istifadə etməliyik”.
Kumsişvili belə bir imkanı yaratdığı üçün Azərbaycan hökumətinə və SOCAR şirkətinə minnətdarlığını bildirib: “ Bizim strateji tərəfdaşımız olan SOCAR Gürcüstan bazarında böyük paya malikdir. SOCAR Gürcüstanda ən böyük investorlardan biridir. İnanırıq ki, bu şirkətlə biz daha böyük layihələr həyata keçirəcəyik və daha böyük uğurlara imza atacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi