CƏMİYYƏT
Dneprda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirilib VİDEO
Bakı,12 may, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən zirvələr liderisən” adlı fləşmob keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Fləşmobu Alfred Nobel adına Dnepr Milli Universitetinin tələbələri ilə azərbaycanlı gənclər Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr ediblər.
Şəhərin mərkəzi meydanında əllərində Azərbaycan və Ukrayna bayraqları tutmuş gənclər bir araya gələrək Dneprin ən uca binasının üstünə qalxıb, göydələnin üzərinə ümummilli lider Heydər Əliyevin portretini asıblar. Gənclər Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarları havaya buraxmaqla, müstəqil dövlətimizin qurucusunun xatirəsinə dərin sevgi və məhəbbətlərini ünvanlayıblar.