MƏDƏNİYYƏT


“Doğuldum, adımı Taleh qoydular...”

Bakı, 22 iyun, AZƏRTAC

Nizami Kino Mərkəzində tanınmış şair Taleh Həmidin anadan olmasının 65 illiyi münasibətilə keçirilən anım tədbiri onun sağlığında çəkilmiş filmin nümayişi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə mərhum şairin qələm dostları, tələbə yoldaşları, yaradıcılığının pərəstişkarları və başqaları iştirak ediblər.

Tədbirin aparıcısı filologiya elmləri doktoru Məhərrəm Qasımlı Taleh Həmidi özünəməxsus lirik duyğuları, “kənddən gətirdiyi ab-havanı” ömrünün sonunadək qoruyub saxlayan, “şeirləri, yazıları taleyinə çevrilən” istedadlı bir şair kimi səciyyələndirib.

Xalq Şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, şair Ramiz Məmmədzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları çıxış edərək “çöllərin, güllərin ətrini, ormanın naxışını” özü ilə götürüb “bu şəhərə şair olmağa gələn”, “fırlana-fırlana bizi fırladan dünyada” “saça dən, alına qırış” salan, “ömür yuxuymuş” söyləyən və “kəndə qəbir olmağa qayıdan” Taleh Həmid poeziyasının rəngarəngliyi, sehrkar gücü, şairin özünün isə “ədəbiyyat ağacının həmişəyaşıl bir yarpağı” olmasından bəhs ediblər. Belə bir fikir vurğulanıb ki, onun nə qədər yarımçıq arzuları, əsərləri qalsa da, ağrı-acıları, itkiləri, həsrət və duyğuları ilə bütöv bir ömür, bütöv bir tale yaşayıb - şair taleyi, Taleh taleyi...

Anım tədbirində aktyorlar şairin şeirlərindən nümunələr söyləyiblər.

Şairin qardaşı Eyvaz Həmid və həyat yoldaşı İradə Taleh Həmid poeziyasının vurğunlarına və onun xatirəsini əziz tutanlara ailə üzvləri adından təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.