ELM VƏ TƏHSİL


Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verirlər

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin sentyabrından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktik əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

İmtahanlar ildə iki dəfə yanvarın 1-dən 31-dək və iyunun 15-dən iyulun 15-dək keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

AMEA-nın Gəncə və Naxçıvan bölmələrində, Naxçıvan Dövlət Universitetində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar 2011-ci ildən TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar isə 2016-cı ildən distant formada keçirilir.

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyunundan elektron test üsulu ilə aparılır. Bu sessiyada Gəncədən 50, Naxçıvandan 16, ümumilikdə isə 600-dək doktorant və dissertantın imtahan verəcəyi gözlənilir.

İmtahanlar yanvarın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.