ELM VƏ TƏHSİL
Doktorantura təhsili ilə bağlı “Nizami” layihəsi müzakirə olunub
Bakı, 25 may, AZƏRTAC
“Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir”.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın mayın 25-də keçirilmiş növbəti iclasında bu qurumun prezidenti, akademik Akif Əlizadə söyləyib.
Ölkədə təhsil sahəsində aparılan islahatların bakalavriat və magistratura pillələrində əhəmiyyətli nəticələr verdiyini söyləyən akademik A.Əlizadə beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını qeyd edib. Bildirilib ki, bu istiqamətdə 2015-ci ilin dekabrından etibarən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.
AMEA-nın rəhbəri qeyd edib ki, layihə çərçivəsində akademiyada və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA-nın qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər qoyur.
İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb. Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da işçi qrupun yaradılması qərara alınıb. Bundan əlavə, rəyasət heyəti aparatının müvafiq idarələrinə layihə çərçivəsində beynəlxalq öhdəlik və əsas vəzifələrin həyata keçirilməsi, eləcə də layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması və onun populyarlaşdırılmasının təmin edilməsinə dair tapşırıqlar verilib.