DÜNYA
Donald Tramp ABŞ və Meksika sərhədində divar tikintisi barədə fərman imzalayıb
Vaşinqton, 26 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp yanvarın 25-də Birləşmiş Ştatların immiqrasiya siyasəti sahəsində fərman imzalayaraq, Meksika ilə sərhəd boyunca 3,2 min kilometr uzunluğunda divar hörüləcəyini, qeyri-leqal immiqrantları “gizləyən” ştat və şəhərlərə federal büdcədən nəzərdə tutulan vəsaitin məhdudlaşdırılacağını, sərhəd-gömrük xidmətinin möhkəmləndiriləcəyini təsdiq edib. Gözlənildiyinə görə, yaxın günlərdə Prezident D.Tramp leqal immiqrasiyanı məhdudlaşdırmaq, o cümlədən qaçqınların gəlməsinin qarşısını alan və Yaxın Şərqin və Şimali Afrikanın bir neçə müsəlman ölkəsinin, o cümlədən Suriya, Somali, Sudan, İraq, İran, Liviya və Yəmənin vətəndaşlarına vizaların verilməsini qadağan edən sərəncamlar imzalamaq istiqamətində də addımlar atacaq.
Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya, Boston, Denver, San-Fransisko və Sietl kimi şəhərlər, Vaşinqton ştatı qeyri-leqal miqrantlara müəyyən müdafiə formaları təklif edirlər. Prezident D.Tramp bu proqramları ləğv etməyi qərara alsa, qeyri-leqal miqrantlara federal proqramlar vasitəsilə təqdim edilən milyardlarla dollar təhlükə altında ola bilər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşiqnton