DÜNYA
Donald Tramp “Rusiya üzrə xüsusi prokurorun” təyinatına sərt reaksiya verib
Bakı, 18 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin 2016-cı il prezident seçkilərində “Rusiyanın müdaxiləsi” məsələsinin təhqiqatı üzrə xüsusi prokurorun təyin olunması barədə qərarını sərt tənqid edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tramp təhqiqatı Amerika siyasətində “ən böyük ifritə ovu” adlandırıb. “Hillari Klintonun kampaniyası və sabiq prezident Barak Obamanın administrasiyası dövründə nə qədər qanunsuz fəaliyyətlər baş versə də, heç bir xüsusi müşavir təyin olunmayıb”, - deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi mayın 17-də Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Robert Mülleri 2016-cı ildə keçirilən prezident seçkilərində “Rusiyanın müdaxiləsi” məsələsinin təhqiqatı üzrə xüsusi prokuror təyin edib. Respublikaçı və demokrat konqresmenlərin bir çoxu Ədliyyə Nazirliyinin bu qərarını dəstəkləyib.
Əvvəllər bu işi direktoru ötən həftə Donald Tramp tərəfindən vəzifədən kənarlaşdırılan FTB aparırdı.
ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanı Amerikada keçirilən prezident seçkilərinə təsir göstərmək cəhdində təqsirləndirirlər. Rusiya isə öz növbəsində bu ittihamları qəti şəkildə təkzib edir.