DÜNYA


Donald Trampın mətbuat konfransından sonra Senatda bir sıra vəzifələrə namizədlərin təsdiq edilməsinə dair dinləmələr keçirilib

A+ A

Vaşinqton, 12 yanvar, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçkilərdən sonra keçirdiyi ilk mətbuat konfransında yeni administrasiyanın daxili siyasətinə aid planlar, “Lockheed Martin” şirkəti ilə “F-35” qırıcı təyyarələrinin qiymətinin azaldılmasına dair razılaşmalar, Amerika avtomobillərinin bəzi markalarının ABŞ-da istehsalının bərpası, bütün ştatlarda yeni iş yerlərinin yaradılması, Devid Şulkinin Veteranların işləri üzrə Departamentin başçısı vəzifəsinə təyin edilməsi və Amerika tibb sistemində islahatlar barədə məlumat verib.

Yeni seçilmiş Prezident Donald Tramp Meksika ilə ABŞ-ın sərhədində tikiləcəyinə söz verdiyi divarla əlaqədar bir daha vurğulayıb ki, həmin divar ABŞ tərəfindən tikiləcək və Meksika bu tikinti üçün pul ödəyəcək.

Mətbuat konfransı zamanı Donald Tramp CNN teleşirkətinin nümayəndəsi Cim Akostanın sualını dinləməkdən imtina edərək bildirib ki, bu şəxs “feyk xəbərlər” yayan informasiya kanalını təmsil edir. D.Tramp öz vergi hesabatının dərc edilməsi haqda suala cavab olaraq deyib ki, vergi hesabatı hələ audit vasitəsilə təqdim olunur və bundan əlavə, “bu vergilər heç kəsi maraqlandırmır”.

Yeni seçilmiş prezidentin mətbuat konfransından sonra ABŞ Senatında “ExxonMobil” şirkətinin başçısı Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə, Alabama ştatından respublikaçı senator Ceff Seşnsin ədliyyə naziri vəzifəsinə, istefada olan general Con Kellinin Milli Təhlükəsizlik Departamentinin rəhbəri vəzifəsinə namizədliklərinin təsdiq edilməsinə dair dinləmələr keçirilib.

Namizədlər öz planları haqqında bəyanatlarını oxuyub, senatorların və ABŞ Senatının müvafiq komitələrinin nümayəndələrinin suallarına cavab veriblər. Senat komitələri namizədlərin bəyanatlarına və cavablarına əsaslanaraq, yuxarıda göstərilən şəxslərin namizədlikləri barədə tezliklə müvafiq qərarlar qəbul edəcəklər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.