DÜNYA


Donald Tusk: Balkan marşrutu qeyri-qanuni miqrasiya üçün bağlı qalmalıdır

A+ A

Vyana, 24 sentyabr, AZƏRTAC

Avstriyanın Federal Kansleri Kristian Kernin təklifi ilə sentyabrın 24-də Vyanada qaçqınlar üzrə zirvə toplantısı keçirilib. Toplantıda qaçqınların Avropaya hərəkət marşrutu üzərində yerləşən Balkan ölkələri, eləcə də Almaniya və Yunanıstanın hökumət başçıları daxil olmaqla, ümumilikdə on bir dövlətin və Avropa İttifaqının təmsilçiləri iştirak ediblər.

Toplantının gündəliyində Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi, miqrantların mənşə və tranzit ölkələri ilə xüsusi sazişlərin bağlanması və həmçinin Avropa ölkələrindəki qaçqınların ölkələr arasında ədalətli paylanması əsas müzakirə mövzuları olub.

Tədbirin yekunlarını şərh edən K.Kern müzakirəyə çıxarılan mövzularla bağlı optimist fikirdə olduğunu və ilk dəfə olaraq qaçqın probleminin əsl mahiyyətinin dərk edildiyini müşahidə etdiyini bildirib.

Macarıstanın Baş naziri Viktor Orban bu ilin sonunadək Türkiyə ilə qaçqınlarla bağlı anlaşma əldə olunmazsa və Avropanın xarici sərhədlərinin mühafizəsi mümkün olmazsa, "Avropa müdafiə xətti"nin yaradılmasını təklif edib.

Almaniyanın Kansleri Angela Merkel Avropaya qeyri-qanuni miqrasiyanın qarşısını mümkün qədər dayandırmağa çağıraraq, qaçqın problemindən ən çox əziyyət çəkən İtaliya və Yunanıstana yardımların artırılmalı olduğunu bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə qaçqın axını üzərində yerləşən Balkan marşrutunun praktiki və siyasi anlamda qeyri-qanuni miqrasiya üçün daim bağlı qalmasının vacibliyini qeyd edib. O, qaçqın probleminin öhdəsindən gəlmək üçün Qərbi Balkan ölkələri və Türkiyə ilə əməkdaşlığın gücləndirilməli olduğunu bildirib.

Toplantıda Şimali Afrika ölkələri, eləcə də Əfqanıstan və Pakistanla sığınacaq hüquqi olmayan qaçqınların geri qəbul edilməsi üçün müvafiq sazişlərin bağlanması qərara alınıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.