İQTİSADİYYAT
“Dongfang Huadu Wang” TV: Azərbaycan Asiya və Avropa arasında körpü rolu oynayan vacib ölkədir VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ting ölkəmizə gətirilib. Tut tinglərinin Azərbaycana gətirilməsi üçün Çinin “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb.
Bu məsələ ilə əlaqədar Çinin “Dongfang Huadu Wang” televiziya kanalında reportaj yayımlanıb. Reportajda qeyd olunur ki, Azərbaycan Asiya və Avropa arasında körpü rolu oynayan, eyni zamanda, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən vacib ölkədir. Bu ilin mayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Bakıya səfəri zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşdə iki ölkə arasında əlaqələrin konkret sahələrdə inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdi.
Bildirilir ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası ilə bağlı tapşırığının icrası ilə əlaqədar gördüyü işlər çərçivəsində Çindən tut tinglərinin alınması barədə razılıq əldə olunub. Bununla əlaqədar Çinin “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə imzalanmış müqaviləyə əsasən yerli iqlim şəraitinə uyğun seçilmiş 1,5 milyon tut tingi Azərbaycana yola salınıb.
Reportajda qeyd olunur ki, bu, Azərbaycan ilə Çin arasında həyata keçirilən əməkdaşlığın yaxşı nümunəsidir. Bundan başqa, bu, Çində yetişdirilmiş tut tinglərinin xaricə göndərilməsi ilə bağlı ilk hadisədir.