İQTİSADİYYAT
Doqquz ayda “Azneft” İB üzrə 4,7 milyon ton neft və 4,2 milyard kubmetr təbii qaz hasil olunub
Bakı, 14 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında “Azneft” İstehsalat Birliyi (İB) üzrə 4 milyon 703,7 min ton neft və 4,2 milyard kubmetr təbii qaz hasil edilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi uğurla aparılıb. Çoxsaylı qazma işləri həyata keçirilib, ilin ilk 9 ayı ərzində “Azneft” İB-nin sifarişi əsasında 43 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 78 min ton neft hasil olunub.
Ötən 9 ayda fəaliyyətsiz quyu fondundan 55 plana qarşı 77 quyu istismara qaytarılıb. Bu quyulardan 16,9 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 39,5 min ton neft alınıb. Bu da plandan 22,6 min ton çoxdur.
Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 469 geoloji tədbir keçirilib, nəticədə 146 min ton neft hasil olunub. Bu da plana qarşı 19 tədbir çox və 15,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 32,6 min ton plana qarşı 39,8 min ton neft hasil edilib.