İQTİSADİYYAT
Doqquz ayda BTC kəməri ilə təqribən 26,3 milyon ton xam neft ixrac edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə təqribən 26,3 milyon ton (198 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 275 tankerə yüklənib.
“bp-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan indiyədək BTC ilə nəql edilmiş ümumilikdə təxminən 2,3 milyard barrel (307 milyon ton) xam neft nəql edilib və Ceyhan limanında 3 min 26 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Doqquz ayda BTC üzrə əməliyyat xərclərinə təqribən 106 milyon dollar, əsaslı xərclərə isə 32 milyon dollar xərclənib.
BTC Ko.-nun səhmdarları: bp (30,10 faiz), AzBTC (25,00 faiz), Şevron (8,90 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5,00 faiz), Total (5,00 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.