İQTİSADİYYAT


Doqquz ayda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bütün xidmətlər üzrə artım müşahidə olunub

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olun.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ən böyük artım irihəcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41 faiz artaraq 3,25 milyon tona çatıb. Ümumi yükaşırmanın 86,8 faizi tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82 faiz artıb.

Son doqquz ayda Bakı Limanı vasitəsilə 16 min 255 ədəd irihəcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 110 ədəd artım deməkdir. Bunların 9323 ədədi (57,4 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi (42,6 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73 faiz artaraq 13 min 859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79,8 faiz artaraq 1,24 milyon ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13 faiz artaraq 25 min 582 ədədə çatıb. Bunlardan 7240 vaqon (28 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 18 min 342 (72 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17 min 11 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-cı ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.