İQTİSADİYYAT
Doqquz ayda “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti artıb
Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Petkim PetroKimya Holding A.Ş.” bu ilin üçüncü rübündə 136,7 milyon türk lirəsi xalis mənfəət əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə STEAŞ-ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.
“Petkim PetroKimya Holding A.Ş.” ötən ilin eyni dövründə isə 275,5 milyon türk lirəsi mənfəət əldə etmişdi.
“Petkim”in bu ilin yanvar-sentyabr aylarındakı xalis mənfəəti isə ötən ilin eyni dövründəki 503,8 milyon türk lirəsindən 510,1 milyon türk lirəsinə yüksəlib.
Şirkətin üçüncü rüb üzrə gəlirləri 968,8 milyon türk lirəsi olub. 2015-ci ilin eyni dövründə isə bu rəqəm 1,29 milyard türk lirəsi təşkil etmişdi.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın “Petkim”dəki səhmləri 52,32 faizdir.
STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.