REGİONLAR


Doqquz ayda Qaxda sənaye məhsulu istehsalı 2,6 dəfə artıb

A+ A

Qax, 19 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin doqquz ayında Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq 85 milyon 461 min manat olub. Müddət ərzində rayonda 11 milyon 700 min manatlıq sənaye və 38 milyon 320 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə məhsul istehsalı 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 faiz artıb. Doqquz ayda əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 421 min manat artaraq 91 milyon 532 min manat təşkil edib, rayonda 393 yeni daimi iş yeri açılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı oktyabrın 19-da Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə rayonda tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Belə ki, cari ildə rayonda 331 hektar sahədə tütün əkilib və ötən müddət ərzində 2788 ton yaşıl tütün yarpağı tədarük olunaraq “İnter-Tobacco” MMC-nin tütün emalı məntəqəsinə təhvil verilib. Hazırda tütün sahələrində yığım davam edir.

Diqqətə çatdırılıb ki, bu il rayonda 3 min 884 kiloqram yüksək keyfiyyətli barama istehsal olunub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində 10 mindən artıq tut tinginin əkilməsi üçün yerlər müəyyənləşdirilib. Eyni zamanda, tut tingi şitili yetişdirmək üçün 1000 kvadratmetr sahəyə toxum səpilib və yaxşı bitiş alınıb.

Fındıq istehsalının artırılması məqsədilə hazırda rayon ərazisində yeni fındıq bağlarının salınması üçün ərazilərin müəyyənləşdirilməsi və tinglərin əldə edilməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, bu il rayon tarixində ilk dəfə olaraq rekord miqdarda – 36,4 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 7,8 min ton çoxdur.

Bildirilib ki, cari ilin 9 ayı ərzində rayonda 8 milyon 28 min manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Hesabat dövründə Qax şəhərində Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi üçün inzibati binanın, 180 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Şəhərin 28 May küçəsində 100 yerlik və Ağçay kəndində bir qruplu uşaq bağçaları, Qax şəhərində, Qaşqaçay və Əmbərçay kəndlərində Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilib istifadəyə verilib. Eyni zamanda, müddət ərzində Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, şəhərin girişində Dövlət Bayrağı Meydanının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin yeni inzibati binasının tikintisi davam etdirilib.

Hesabat məruzəsində, həmçinin cari ilin 9 ayında əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, müddət ərzində rayonda 1398 mənzil qazlaşdırılıb. Elektrik Şəbəkəsi tərəfindən 115 ədəd transformator yarımstansiyası əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 149 ədəd elektrik dayağı yenisi ilə əvəzlənib. Əhalinin suya olan tələbatının ödənilməsi məqsədilə 6 yaşayış məntəqəsində yeni artezian və subartezian quyuları qazılıb, 13 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Yığıncaqda, həmçinin 2016-cı ilin doqquz ayı ərzində əhalinin müxtəlif xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.