İQTİSADİYYAT
Doqquz ayda avtomobil nəqliyyatı ilə 1406,1 milyon sərnişin daşınıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb. Yük daşınmasında müşahidə olunan geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalarda azalmalarla bağlı olub.
Yüklərin 63,8 faizi avtomobil nəqliyyatı, 27,0 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4 faiz artıb. Bu ilin sentyabr ayında isə avqusta nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 faiz və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz yüksəlib. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.