İQTİSADİYYAT
Doqquz bankın qorunan əmanətçilərinə 239 milyon manatdan çox kompensasiya ödənilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu sentyabrın 6-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 16 milyon 434 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 81 milyon 706 min manatdan artıqdır.
Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilib. Bunun da 11 milyon 97 min manatı “Atrabank”ın, 1 milyon 514 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 709 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 725 min manatdan çoxdur.
Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 239 milyon 42 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.