ELM VƏ TƏHSİL


Doqquzuncu sinif şagirdləri üçün martın 12-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb

Bakı, 30 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) bu il martın 12-də Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmiş şagirdlər (34 min 124 nəfər) bu qurumun internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olmaqla iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə edib öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Beləliklə, şagird öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalıtipli, riyaziyyat fənnindən 10 açıqtipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla bilən maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıqtipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıqtipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

Martın 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələlərlə açıqlanacaq.

İmtahanların nəticələri ilə bağlı iyunun 5-dən 9-dək saat 9.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.