ELM VƏ TƏHSİL
Doqquzuncu sinif şagirdləri üçün martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
Bakı, 26 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmiş şagirdlər (39.795 nəfər) bu qurumun internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olub iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Beləliklə, şagird öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən on açıq və on qapalıtipli, riyaziyyat fənnindən on açıqtipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıqtipli tapşırıqlardan topladıqları ballar cəmlənir və ikiyə vurulur. Qapalı test tapşırıqlarının hər biri bir balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıqtipli tapşırıqlardan toplanılan ballar cəmlənir və üçə vurulur.
Yaxın günlərdə martın 12-də, 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də mərhələlərlə açıqlanacaq.
İmtahanların nəticələri ilə bağlı iyunun 5-dən 9-dək saat 9.00-dan 17.00-dək DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 30-dan başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apellyasiya Komissiyası DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.