ELM VƏ TƏHSİL
Doqquzuncu siniflər üçün buraxılış, əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanlarının nəticələri açıqlanıb
Bakı, 2 iyun, AZƏRTAC
Doqquzuncu sinif şagirdləri üçün martın 18-də və aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının və əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz və Siyəzən rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri və aprelin 16-da eksternat qaydasında keçirilən imtahanda iştirak edən şəxslərin buraxılış imtahanının, həmçinin əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Martın 18-də və aprelin 16-da keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlər (35.815 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olub iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Aprelin 16-da ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanında iştirak edən əvvəlki illərin məzunları isə https://eservices.dim.gov.az/nettex9 keçidinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı (FİN kod) və parolundan istifadə etməklə nəticələri ilə tanış ola bilərlər.
Beləliklə, hər bir şəxs öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, birinci mərhələdə imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalıtipli, riyaziyyat fənnindən 10 açıqtipli olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıqtipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri bir balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıqtipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.
İmtahanların nəticələri ilə bağlı iyunun 5-dən 9-dək saat 9:00-dan 17:00-dək DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə DİM-in qeyd olunan inzibati binasında, həmçinin Regional Bölmələrinin hər hansı birində qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.