DÜNYA
Dörd ərəb dövləti Qətəri böhranın tənzimlənməsi prosesini pozmaqda ittiham edib
Abu-Dabi, 7 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri Doha ətrafında diplomatik böhranın tənzimlənməsi prosesini pozmaqda ittiham ediblər. Bu barədə məlumat dörd ərəb dövlətinin yaydığı birgə bəyanatda yer alıb. Qeyd olunur ki, Qətərin barışmaz mövqeyi onun terrorçularla əlaqəsini təsdiqləyir. Doha faktiki olaraq Küveytin vasitəçilik cəhdlərini sabotaj edir və tənzimlənməyə dair təklifləri rədd edir.
Bununla belə vurğulanır ki, Qətər Fars körfəzi regionunun və bütövlükdə ərəb dünyasını ayrılmaz hissəsidir.
Dörd dövlət Qətərin irəli sürülmüş tələbləri yerinə yetirməkdən imtina etməsindən sonra yeni siyasi və iqtisadi xarakterli tədbirlər görmək hüququnu öz üzərində saxlayır.
“Tələblər siyahısının 12-ci maddəsi göstərir ki, bütün tələblərin yerinə yetirilməsinə dair razılıq onlar irəli sürüləndən sonra 10 gün ərzində bildirilməlidir, əks halda onlar ləğv ediləcək”, - deyə bəyanatda bildirilir. Beləliklə, ərəb ölkələri özlərini bu sənədə çox bağlı hesab etmir və lazım gəldiyi halda iqtisadi, siyasi və ya hüquqi xarakterli tədbirlər görmək hüququnu öz üzərində saxlayır.
Bu tədbirlər ərəb dövlətlərini onların sabitliyini və təhlükəsizliyini pozan Qətərin siyasətindən qorumağa kömək edəcək.
Asya Hacızadə
AZIRTAC-ın xüsusi müxbiri
Abu-Dabi