REGİONLAR
Dörd yaşlı vunderkind
Salyan, 20 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanın Noxudlu kəndində yaşayan Novruzovlar ailəsinin azyaşlı uşağı qeyri-adi istedadı ilə həmyaşıdlarından fərqlənir.
AZƏRTAC xəbər verir ki, 4 yaşlı Turan Novruzov bütün ölkələrin paytaxtlarını, materik və qitələrin adlarını bilməklə yanaşı, həmin ölkələrin bayraqlarını da tanıyır. Ölkənin adı çəkilən kimi onun bayrağını görmədən təsvir edir. Yaddaşı həddindən artıq güclü olan balaca bütün ölkələrin paytaxtlarını əzbərdən söyləyir.
Hələ yazı-pozudan xəbərsiz olan Turanın daha bir bacarığı isə bildiklərini özündən balacalara öyrətmək qabiliyyətidir. O, öyrəndiklərini özündən bir yaş kiçik olan qardaşı Uğura da həvəslə öyrədir.
Turan tarixdə baş vermiş bəzi hadisələr barədə də məlumatlıdır. Torpaqlarımızın düşmən tapdağı altında olduğunu bilən balaca böyüyəndə özünün dediyi kimi, əsgər olub düşməndən qisas almaq, o yurdlara qayıtmaq haqqında düşünür.
Qeyd edək ki, Turanın atası Əli Novruzov əslən Qubadlının Mahruzlu kəndindəndir. O, 1993-cü ildən ailəsi ilə birlikdə Salyanın Noxudlu kəndində məskunlaşıb. Elə kənddə də tarix müəllimi işləyir. Oğlundakı bu fitri istedadı isə bir neçə ay bundan öncə təsadüfən aşkar edib.